Kolposkopiya uşaqlıq boynunun (serviks), vagina və vulvanın xüsusi böyüdücü cihaz – kolposkop vasitəsilə yaxından müayinəsidir. Bu üsul hüceyrə səviyyəsində dəyişiklikləri erkən aşkar etməyə kömək edir.
Nə zaman aparılır?
- Pap smear nəticəsi şübhəli olduqda
- HPV müsbət olduqda
- Uşaqlıq boynunda eroziya, yara və ya şübhəli sahə görüldükdə
- Anormal qanaxma, təkrarlanan axıntılar olduqda
- Serviks xərçəngi öncəsi dəyişikliklərdən şübhə yarandıqda
Müayinə necə aparılır?
1- Pasiyent ginekoloji kresloda uzanır.
2- Serviks açıq görünməsi üçün spekulum yerləşdirilir.
3- Serviksə sirkə turşusu (bəzən Luqol məhlulu) çəkilir.
4- Kolposkopla sahə böyüdülmüş şəkildə incələnir.
Lazım gələrsə biopsiya (kiçik toxuma nümunəsi) götürülür. Müayinə adətən 10–15 dəqiqə çəkir.
Prosedur Ağrılıdırmı?
Kolposkopiya özü ağrısızdır. Biopsiya götürüldüyü zaman yüngül sancı və ya narahatlıq hiss oluna bilər. Prosedurdan sonra bir neçə gün ərzində az miqdarda ləkələnmə və ya qəhvəyi axıntı normaldır.
Müayinəyə Necə Hazırlaşmalı?
Müayinənin ən dəqiq nəticələndirilməsi məqsədiylə menstruasiya dövründə aparılmır. Prosedurdan 24–48 saat öncə cinsi əlaqədə olmaq, vaginal şam və ya duş istifadə etmək məsləhət görülmür.
Üstünlükləri
Erkən diaqnostika imkanı
Dəqiq və təhlükəsiz üsul
Ambulator şəraitdə aparılır
Xərçəng öncəsi dəyişiklikləri vaxtında aşkar edir
Tibb üzrə fəlsəfə doktoru, Aytən Abdullayeva


