Sağlamlığınızla bağlı suallarınızın olması təbiidir. Burada ən çox verilən suallara aydın və etibarlı cavablar hazırlamışıq ki, müayinələrə daha hazırlıqlı gələsiniz və sağlamlığınızla bağlı prosesləri daha yaxşı anlayasınız.
Kolposkopiya müayinəsi nədir?
Kolposkopiya uşaqlıq boynunun xüsusi böyüdücü cihazla (kolposkopla) detallı müayinəsidir.
Kolposkopiya hansı hallarda aparılır?
PAP-smear və ya HPV testində problem aşkarlandıqda, uşaqlıq boynunda vizual olaraq şübhəli yaralar olduqda aparılır.
Kolposkopiya ağrılı müayinədir?
Xeyr, adətən ağrısızdır. Biopsiya götürüldüyü zaman yüngül narahatlıq hiss oluna bilər.
Kolposkopiya zamanı biopsiya nə üçün götürülür?
Müayinə zamanı aşkarlanan şübhəli sahələrdən kiçik toxuma nümunəsi götürülərək dəqiq diaqnoz qoymaq üçün histoloji müayinəyə göndərilir.
HPV (İnsan Papilloma Virusu) nədir?
HPV cinsi yolla yoluxan çox yayılmış bir virusdur. Onun yüzlərlə növü var, lakin yalnız bəzi yüksək riskli növləri uşaqlıq boynu xərçənginə səbəb ola bilər.
HPV müsbət çıxarsa, bu nə deməkdir?
Bu, virusun orqanizmdə mövcud olduğunu göstərir, lakin mütləq xəstəlik və ya xərçəng demək deyil. Əksər hallarda immun sistemi virusu orqanizmdən özü təmizləyir.
HPV həmişə uşaqlıq boynu xərçənginə səbəb olurmu?
Xeyr. HPV infeksiyalarının böyük əksəriyyəti zərərsizdir və heç bir problem yaratmadan orqanizmdən təmizlənir. Yalnız uzun müddət orqanizmdə qalan yüksək riskli HPV tipləri xərçəngönü dəyişikliklərə səbəb ola bilər.
Kolposkopiya HPV-ni aşkar edə bilərmi?
Xeyr. HPV testi virusun özünü aşkar edir, kolposkopiya isə virusun uşaqlıq boynunda yaratdığı hüceyrə dəyişikliklərini görməyə imkan verir.
Pap-smear və kolposkopiya müayinələrinin əhəmiyyəti nədir?
Bu müayinələr uşaqlıq boynu xərçənginə səbəb ola biləcək hüceyrə dəyişikliklərini hələ ilkin, xərçəngönü mərhələdə aşkarlamağa imkan verir. Erkən diaqnoz həyat qurtarır və daha sadə müalicə üsulları ilə problemin tam aradan qaldırılmasına şərait yaradır.
HPV-dən qorunmaq üçün nə etmək lazımdır?
Ən effektiv qorunma üsulu HPV peyvəndi olunmaqdır. Bundan əlavə, müntəzəm ginekoloji müayinədən (Pap test və HPV skrininqi) keçmək vacibdir.
